“Heydər Əliyev - 40 il Azərbaycan uğrunda”
“Prezident kitabxanası” və “Səs” qəzetinin təşkilatçılığı ilə 14 iyul 1969- cu il tarixdə Azərbaycana rəhbərlik etməsinin ildönümü ilə bağlı multimedia diskinin təqdimatı keçirildi
1969-cu il iyulun 14-nün Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Həmin gün ümummilli liderimiz Heydər Əliyev respublikanın rəhbərliyinə yüksəlib, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilib. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Dünən “Prezident kitabxanası”nda ümummilli liderin respublika rəhbərliyinə gəlməsinin 40-cı ildönümü münasibətilə “Prezident Kitabxanası” və “Səs” qəzetinin təşkilatçılığı ilə “Heydər Əliyev - 40 il Azərbaycan uğrunda” adlı multimedia diskinin təqdimatı keçirildi.
İlk öncə “Heydər Əliyev - 40 il Azərbaycan uğrunda” adlı multimedia diski mərasim iştirakçılarına nümayiş etdirildi.
Sonra mərasimi açıq elan edən “Prezident Kitabxanası”nın direktoru Mayıl Əhmədov 1969-cu il iyulun 14-nü Azərbaycanın çağdaş tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirdi. Qeyd etdi ki, ulu öndərin Azərbaycana rəhbərliyə gəlməsinin 40-cı ildönümü ilə bağlı multimedia diskinin hazırlandığını bildirdi.
Tədbirdə layihənin məsləhətçisi, “Azərbaycan” nəşriyyatının direktoru, YAP Siyasi Şurasının üzvü Ağabəy Əsgərov çıxış edərək 14 iyul 1969-cu ilin Azərbaycan tarixində dönüş ili olduğunu bildirdi. A. Əsgərov 40 il öncə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə respublika iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdiyini, ölkənin öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. Qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bütövlükdə ittifaq miqyasında Azərbaycan və azərbaycanlıların imici dəyişdi: “Bugünkü müstəqil, çox böyük perspektivi olan Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi sovet dövrünə təsadüf edirdi. Bu dövrdə müstəqillikdən danışmaq ölümə bərabər idi. Müstəqil Azərbaycan haqqında yalnız düşünmək olardı, müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Heydər Əliyev də bu yolu tutdu. Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa bir müddətdə - 13-14 ildə Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi. Milli-mənəvi dəyərlər inkişaf etdi, Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi.
A.Əsgərov onu da bildirdi ki, tarixdə millətin və dövlətin dünya səhnəsindən yox olmaq həddinə çatmasına dair çox misallar mövcuddur. Fəqət, hər bir tarixi dövrdə millətin iradəsini və ülvi amalını, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində həmin dövlətlər öz varlığını davam etdirmiş, millətlər isə dirçəlmişdir. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə belə, özünə xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu bəlalardan xilas etmək istəyi ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa qadir olan yeganə qüvvə kimi təsdiqləmişdir. Böyük şəxsiyyət 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır.
Tədbirdə “Səs” qəzetinin baş redaktoru və SİA-nın baş direktoru, “Heydər Əliyev - 40 il Azərbaycan uğrunda” layihəsinin müəllifi Bəhruz Quliyev tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. B.Quliyev 14 iyul 1969 -cu il tarixinə toxunaraq Azərbaycan xalqının taleyində, bütövlükdə, xalqımızın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb etdiyini və bu tarixə əbədi həkk olunan təqvimlərdən biri olduğunu bildirdi: “Məhz 40 il öncə, 1969-cu il iyulun 14-də dünyanın ən nüfuzlu siyasi və dövlət xadimlərindən biri, müstəqil respublikamızın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətə gəlmişdir. Tarixçilər bilirlər ki, Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi olduqca mürəkkəb tarixi bir dövrə təsadüf etmişdir. XX əsrin 60-cı illərində Azərbaycan digər sovet respublikaları ilə müqayisədə iqtisadiyyatın bir çox sahələrində geridə qalır və respublikanın potensialından lazımi səviyyədə istifadə olunmurdu. Xüsusilə, həmin dövrdə Kreml rəhbərliyi tərəfindən aparılan ruslaşma siyasətinin acı nəticələri, digər respublikalarda olduğu kimi, Azərbaycanda da özünü kəskin şəkildə büruzə verirdi. Getdikcə milli xüsusiyyətlər sıradan çıxır, beynəlmiləlçilik adı altında xalqımıza qarşı assimilyasiya siyasəti aparılırdı. Məhz belə bir çətin mərhələdə Tanrı öz mərhəmətini xalqımızdan əsirgəmədi, xalqımızın dahi oğlu Heydər Əliyev hakimiyyət başına gəldi”.
B.Quliyev 1969-cu il 14 iyul tarixindən sonrakı illərin reallıqlarından, xüsusilə, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlardan, gördüyü işlərdən geniş danışdı. Həmçinin, onu da qeyd etdi ki, Cəmşid Naxçıvanski adına hərbi litseyin yaradılması, Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi Azərbaycan dilinin saxlanılması, hər il minlərlə Azərbaycan gəncinin SSRİ-nin nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi, həmin dövrdə bütün ölkəni bürümüş korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizənin aparılması məhz Heydər Əliyevin sarsılmaz iradəsi sayəsində mümkün olmuşdur.
Layihənin müəllifi diskin məziyyətləri haqqında danışarkən, qeyd etdi ki, bu disk Azərbaycan və ingilis versiyalardan ibarətdir. Layihə informasiya texnologiyaların nailiyyətlərinə əsaslanaraq hazırlanıb və istifadə qaydaları olduqca sadədir. 6 əsas bölmədən 15 alt bölmədən ibarət olan diskdə ulu öndərimizin siyasi və dövlətçilik fəaliyyətini əks etdirən 150-dən artıq foto və 8 dəqiqəlik qısametrajlı filim öz əksini tapmışdır. Bundan əlavə istifadəçilər hər bir bölmədə ulu öndərimizin fəaliyyətindən bəhs edən yazılarla da tanış ola biləcəklər: “Rəhbər bölməsi ulu öndərimizin 1969-cu il 14 iyul tarixindən etibarən Azərbaycan rəhbəri kimi və 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyətindən bəhs edir. Naxçıvan dövrü bölməsi isə Heydər Əliyevin 1990-cı ildə Naxçıvana dönüşü və milli istiqlal mübarizəsindəki müstəsna fəaliyyətini, o cümlədən, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi nəhəng tarixi işləri əks etdirir. Yeni Azərbaycan Partiyası bölməsində ulu öndərimizin rəhbərliyi ilə belə bir möhtəşəm siyasi fəaliyyətin yaradılması zəruriliyinə, xüsusilə Heydər Əliyevin partiya quruculuğu fəaliyyətinə toxunulur. Milli qurtuluş bölməsində 1993-cü il hadisələrindən sonra Heydər Əliyevin Bakıya qayıdışı və milli dövlətçiliyimizi xilas etmək üçün gördüyü böyük tarixi işlərindən bəhs edilir. Prezident bölməsi isə ulu öndərimizin 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi nəhəng quruculuq işlərinin və bu illər ərzində əldə olunan nailiyyətləri ifadə edir”.
Millət vəkili Fəttah Heydərov çıxışında bir məqamı xüsusi qeyd etdi: “Bu gün ölkənin hər yerində işarə gözləmədən hamı 14 iyul tarixini qeyd edir. Çünki hamı bu reallığı qəbul edir ki, Heydər Əliyevin Azərbaycan SSR Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi ilə bütövlükdə ölkənin taleyi dəyişdi”.
F.Heydərov onu da vurğuladı ki, ümummilli liderimiz Azərbaycan kəndlisinin, ölkə fəhləsinin həyatını yaxşılaşdırdı. Qısa zamanda Bakı şəhərini 4 dəfə böyütdü. Millət vəkili türk dünyasının tanınmış şəxsiyyətlərindən olan Oljas Süleymenovdan sitat gətirərək sözlərini tamamlayıb: “80-90-cı illərdə Azərbaycana Heydər Əliyev rəhbərlik etsəydi, müstəqilliyimizi bu qədər ağır şərtlər altında qazanmazdıq və bu qədər torpaq itkilərimiz də olmazdı”.
YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov ulu öndər Heydər Əliyevin 40 illik hakimiyyətini 3 dövrə bölərək bildirdi ki, bu dövrə üç üstəgəl bir adlı dövrü də əlavə edərdim: “1969- 1987-ci il Heydər Əliyevin Lenin tərəfindən yaradılmış partiyaya rəhbərlik etdiyi dövr. 1987-1991-ci illər. Bu dövrdə “Səs” qəzeti Heydər Əliyevlə bağlı bütün materialları dərc edirdi. 1991-2003-cü illər isə üçüncü dövr isə Heydər Əliyevin siyasi formada fəaliyyətini əhatə edir. Üç üstəgəl bir adlanan dövr Heydər Əliyevin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam edən dövrdür.”
Ş. Əsgərov ulu öndərin fəaliyyətində 4 “şah əsəri”ni də qeyd etdi: “Xaricdə təhsil almağa göndərilən kadrlar, metro, YAP və müstəqil Azərbaycan dövləti”.
Millət vəkilləri Musa Urut, Asəf Hacıyev ümummilli liderimizin hələ sovet dövründə Azərbaycanın milli ruhunun yüksəlməsinə çalışdığını vurğuladılar. Qeyd etdilər ki, 14 iyul 1969-cu il Azərbaycanın inkişafında tarixi bir mərhələnin əsası qoyuldu. Hazırda müstəqil Azərbaycanın bütün əhəmiyyətli sənaye və istehsal sahələri, elm və mədəniyyət mərkəzləri Heydər Əliyevin adı ilə bağlıdır.
Mərasimdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxış edərək, belə layihələrin həyata keçirilməsinin müsbət nəticə verdiyini qeyd etdi. Bildirdi ki, 14 iyul 1969-cu il ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Heydər Əliyev prinsipləri Azərbaycan xalqının və Azərbaycan dövlətinin inkişafı və ədəbi olmasında öz nəticəsini yüz illər ərzində verəcək.
M.Qurbanlı hər bir Azərbaycan vətəndaşını bugünkü inkişafa və müstəqilliyimizin əbədi olmasında ulu öndərimiz Heydər Əliyevə həmişə minnətdar olduğunu vurğuladı. Həmçinin, onu da qeyd etdi ki, bu gün yeni nəsil Heydər Əliyev irsini kitablardan oxuyur: “Bizim vəzifəmiz Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev dühasını əsas nəticə və prinsiplərini gənc nəslə çatdırmaqdır. Çünki kitab hansısa bir kəsə emosiya verə bilməz. Lakin insanların təəssüratını eşitmək və Heydər Əliyevin keçdiyi yolu onların təsvir etdiyi formada duymaq çox vacib olan məsələdir. Bu baxımdan, belə əsərlər Heydər Əliyevin fəaliyyətini üçüncü nəsilə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir”.
YAP İcra katibinin müavini M. Qurbanlı respublikamızın bütün rayon və şəhərlərində 14 iyul 1969- cu il Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illik fəaliyyətilə bağlı geniş tədbirlərin keçirilməsini, məhz xalqın öz liderinə olan məhəbbətinin təzahürü olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün ulu öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev cənabları Azərbaycanı getdikcə çiçəklənən bir dövlətə çevirir.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ulu öndərimiz Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsinin xalqımızın taleyində mühüm tarixi mərhələnin başlanğıcı olduğunu bildirdi. S. Novruzov onu da vurğuladı ki, XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünyamiqyaslı ictimai-siyasi xadim, ulu öndərimiz Heydər Əliyev bütün həyatını xalqının nicatına həsr etmiş, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin etmişdir.
YAP İcra katibinin müavini S. Novruzovun fikrincə, ulu öndər təsdiq etdi ki, millətə, xalqa xidmət etmək istəyirsənsə, dövrün fərqi yoxdur. Millət vəkili son zamanlar müşahidə olunan tendensiyaya da münasibətini açıqladı.
S.Novruzov onu da bildirdi ki, ulu öndərin fəaliyyətindən xəbəri olan-olmayan hər kəs böyük şəxsiyyətlə bağlı kitablar nəşr etdirir. Hər kəs dahi liderlə bağlı məqalə yaza, fikir səsləndirə bilməz. Odur ki, kitablar mütləq müvafiq rəy almalı, sonra nəşrinə icazə verilməlidir.
Azərbaycan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov kitabxananın fondunda ümummilli liderlə bağlı 500-dən çox kitab, 1300-dən artıq məqalə toplandığını qeyd etdi. Onun sözlərinə görə, ulu öndərin həyat və fəaliyyəti ilə bağlı ən zəngin elektron resurs da məhz Prezident Kitabxanasının internet ünvanıdır (www.preslib.az).
RƏFİQƏ KAMALQIZI
Səs.-2009.-14 iyul.-N.128.-S.5.