“Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildi təqdim edilib
İyulun 22-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildinin təqdimatı keçirilib. Üçcildliyin I cildi “Qarabağ Qafqaz Albaniyası dövründə” adlanır.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatların, tarixçi alimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov təqdim olunan əsər haqqında qısa məlumat verib. O bildirib ki, tədqiqatçı-alim, Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirovun və ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorovun birgə müəllifi olduqları bu kitab Qarabağın islamaqədərki tarixinə yeni elmi faktlarla işıq salır. Mayıl Əhmədov deyib: “Müəlliflər Qarabağ ərazisində mədəniyyətin formalaşması, xristianlığın yayılması, alban Apostol kilsəsinin yaranması, Albaniya dövlətçiliyinin təşəkkülü və möhkəmlənməsində Qarabağın rolu kimi Azərbaycan tarixşünaslığının mühüm problemlərinə xüsusi yer ayırıblar. Tədqiqatın yazılması prosesində müəlliflər arxiv sənədlərindən, çoxsaylı ilkin mənbələrdən, həmçinin Azərbaycan, Ermənistan, Rusiya, Gürcüstan, Türkiyə və Qərb tədqiqatçılarının əsərlərindən geniş istifadə ediblər. Kitaba tarixi xəritələr və fotomateriallar əlavə edilib”.
Kitabın müəlliflərindən biri olan ukraynalı tədqiqatçı, Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşı Maksim Mayorov tədbirə onlayn qoşularaq tədqiqatın aktuallığından danışıb. Diqqətə çatdırıb ki, XX əsrin 80-ci illərinin sonundan bəri Azərbaycan xalqının yaşadığı ərazi bütövlüyü problemi ilə 2013-cü ildən başlayaraq Ukrayna da qarşılaşıb.
Qeyd edilib ki, təqdimatı keçirilən kitab tarixin ən dərin qatlarına işıq salaraq mühüm məqamları üzə çıxarır. Rus dilində yazılan bu əsər daha geniş auditoriyanı əhatə edir ki, bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıyır.
Daha sonra Eldar Əmirov kitabın I cildi haqqında geniş məlumat verib. Bildirib ki, bu cild ön sözdən və 4 fəsildən ibarətdir. Ön sözdə çoxsaylı nümunələr əsasında erməni tarixşünaslığının saxtakarlıq ənənələrinə nəzər salınır, oxucular ermənilərin Azərbaycan tarixi ilə yanaşı, digər xalqların - gürcülərin, türklərin, rusların, ukraynalıların mədəni və tarixi irsinə qarşı irəli sürdükləri əsassız iddialarla tanış edilir. Birinci cildin ilk fəslində Qarabağın zəngin arxeoloji irsinə, həmçinin bölgənin tarixi toponimikası ilə bağlı məqamlara toxunulur, əcnəbi oxucuları çaşdıran məqamlara aydınlıq gətirilir. İkinci fəsil özündə Qafqaz Albaniyası, alban etnosu və mədəniyyəti haqqında müxtəsər tarixi məlumatları əhatə edir. Tədqiqatın üçüncü fəslində Qarabağ bölgəsinin Qafqaz Albaniyasının siyasi, dini və mədəni tarixində oynadığı mühüm rol oxucuların diqqətinə çatdırılır. Dördüncü fəsildə isə Alban kilsəsinin tarixi taleyi və Qarabağın kilsə tarixindəki yerinə diqqət ayrılır, ermənilərin bu məsələdə dünya ictimaiyyətini həqiqətlərdən yayındırmaq üçün irəli sürdükləri arqumentlərin əsassızlığı mənbələrin müqayisəli təhlili əsasında oxucuların diqqətinə çatdırılır.
Kitab Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə, “Şuşa qrantı” çərçivəsində çap edilib.
Layihə çərçivəsində kitabın daha iki cildi işıq üzü görəcək. II cilddə VII-XVIII əsrlər, III cilddə isə XVIII-XXI əsrlərdə Qarabağın tarixi araşdırılacaq.
Kitabın elmi redaktoru Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, professor Məmməd Əliyev çıxış edərək bildirib ki, bu fundamental əsərdən hər dəfə yeni-yeni faktlar əldə etmək mümkündür. Müəlliflər bəlkə də 100-dən çox əsərin bazasında yeni bir tədqiqat əsəri ərsəyə gətiriblər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Eldar Əmirovun Azərbaycan elminə gətirdikləri yeniliklərdən söz açıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1996-cı ildə Azərbaycan tarixinin yenidən işlənməsi ilə bağlı çağırışına cavab olaraq tədqiqat işləri aparılıb. Vurğulanıb ki, Albaniya tarixi Azərbaycan tarixinin ən az tədqiq olunmuş dövrüdür. Akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” əsərində irəli sürülən elmi müddəalar Azərbaycan tarixşünaslığında yeni istiqamət yaradıb. Akademikin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı da Azərbaycan elminə dəyərli töhfə olub. Eldar Əmirovun kitabı da məhz bu silsilədən növbəti addımdır.
Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Elman Nəsirov, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov kitabın əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu əsər Azərbaycanın az öyrənilmiş tarixinə işıq salır. Kitabda erməni saxtakarlığı erməni müəlliflərinin öz dili ilə ifşa edilib ki, bu da çox vacibdir. Müəlliflərdən birinin başqa millətin nümayəndəsi olması isə tədqiqatın obyektivliyini təmin edir.
Çıxışlarda kitabın gələcəkdə başqa dillərə də tərcümə edilməsi təklifi irəli sürülüb.
“Yalan rəngarəng olur, həqiqət sadədir” (“Facundus est error, cum simplex sit veritas”) latın kəlamı ilə başlanan kitabda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” əsərindən aşağıdakı sitat gətirilib: “Kütləvi şüurun mifolojiləşdirilməsi prosesi müəyyən mənada bəşəriyyətin bütün tarixini müşayiət etsə də, müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, bu proses tarix kimi ciddi elmdən də yan keçməyib və yalançı erməni alimlərinin “böyük Ermənistan”, “əzabkeş Ermənistan” haqqında, “ermənilərin birinci xristian millət” olması barədə və digər bir sıra miflərin kütləvi şüura yeridilməsi cəhdlərində çox gülünc formada təzahür edib.
Ermənilərin mif yaradıcılığına nəzər salsaq, asanlıqla yəqin etmək olar ki, onlar miflərdən öz tarixlərini qədimləşdirmək məqsədilə istifadə etməkdə bütün bəşəriyyəti qabaqlayırlar. Bu, onların öz etnogenezini və milli dinlərini qədimləşdirmələrində daha əyani şəkildə görünür. Onlar “şey” ideyasını “şeyin özündən ayırmağa” başlayanda öz miflərinin fetişləşdirilməsini animizm dərəcəsinə çatdırıblar”.
Kitabda Qafqaz Albaniyası dövründə Qarabağın siyasi həyatı, mədəniyyəti, etnik mənzərəsi canlandırılır, bu dövrə aid erməni iddiaları bir-bir nəzərdən keçirilir. Çox vacibdir ki, müəlliflər kitabda erməni mənbələrinin geniş müqayisəli təhlilini verir, erməni iddialarını və təhriflərini elə erməni müəlliflərinin öz dili ilə ifşa edir, onlar arasında ziddiyyətləri, tarixi uyğunsuzluqları açıb göstərirlər.
Əsər bu günə qədər beynəlxalq aləmdə elmi dövriyyəyə buraxılan erməni iddialarına sarsıdıcı zərbə vurur. Kitabda arxiv materiallarından, ilkin mənbələrdən, tanınmış azərbaycanlı, erməni, rus, gürcü, türk və Qərb alimlərinin tədqiqatlarından geniş istifadə edilib.
AZƏRTAC.-2016.-22 iyul.