Naxçıvan Muxtar Respublikası - 85" adlı internet resursunun təqdimat mərasimi keçirildi
7 bölmədən ibarət olan internet resursunda Naxçıvanla bağlı müxtəlif məlumatlar yerləşdirilib
Dünən Prezident Kitabxanasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi ilə əlaqədar "Naxçıvan Muxtar Respublikası -85" adlı internet resursunun təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov muxtar respublikanın 85 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu bildirdi. Dövlət başçısı İlham Əliyevin bu barədə cari ilin fevralın 6-da imzaladığı sərəncama diqqət yönəldən M. Əhmədov, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarının çətin, mürəkkəb və parlaq inkişaf yolu keçdiyini söylədi.
Daha sonra internet resursu barədə ətraflı məlumat verən kitabxananın direktoru, 7 bölmədən ibarət olan resursun internet istifadəçilərinə muxtar respublika haqqında çox dolğun və operativ məlumat verəcəyini bildirdi. Nəzərə çatdırdı ki, internet resursu "Ümumi məlumat", "Tarix", "idarəetmə sistemi", "İqtisadiyyat", "Elm və təhsil", "Mədəniyyət" və "Resurslar" bölmələrindən ibarətdir: "Bədxah qonşularımızın Azərbaycanın müxtəlif ərazilərinə, o cümlədən, Naxçıvana da olan iddialarını nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları bu diyarın qədim tarixinə dair müxtəlif mənbələrdə olan məlumatların, sənədlərin toplanmasına xüsusi əhəmiyyət vermişlər. internet resursun "Tarix" adlı bölməsində Naxçıvanın həm qədim dövrlərə dair tarixi, həm muxtar respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə də müasir dövrə dair çox maraqlı sənədlər var. Bu bölmədə, eyni zamanda, ermənilərin Naxçıvanda törətdikləri soyqırımları haqqında da istifadəçilərə ətraflı məlumat verilir".
Mayıl Əhmədov bütün bölmələrdə yığılan materiallar barədə məlumat verdi: ""Resurslar" bölməsində həm ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrlərdəki, həm də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərlərinin xronologiyası tərtib edilmiş, Onların Naxçıvanda keçirdikləri müxtəlif görüşlərdə və tədbirlərdəki çıxışlarının tam mətnləri yerləşdirilib. Bu bölmədə "Elektron kitablar". "Naxçıvan ensiklopediyası". "Naxçıvan abidələri ensiklopediyası", "Qayıdış", "Naxçıvan sancağının müfəssəl dəftəri", "Mətbuat səhifələrində", "Biblioqrafiya" və "Görkəmli naxçıvanlılar" adlı yarımbölmələr də fəaliyyət göstərir".
"İdarəetmə sistemi" bölməsi haqqında söhbət açan kitabxananın direktoru vurğuladı ki, burada muxtar respublikanın Konstitusiyasının tam mətni ilə tanış olmaq mümkündür: "Bu bölmədə Naxçıvanın qanunverici, icra və məhkəmə hakimiyyətləri barədə internet istifadəçilərinə müfəssəl məlumat təqdim edilir. Qeyd etmək lazımdır ki, "Naxçıvan Muxtar Respublikası - 85" adlı internet resursun bütün bölmələri mütəmadi olaraq yeniləşdirilir və onun ingilis dilində olan versiyası isə hazırlıq mərhələsindədir". M. Əhmədov onu da diqqətə çatdırdı ki, yubiley tədbirinin iştirakçılarına Naxçıvana dair Prezident Kitabxanasının fondunda saxlanılan kitabların sərgisi də təqdim edilir. Prezident Kitabxanasının mütəxəssislərinin bu günədək üç dildə "Odlar Yurdu Azərbaycan", "XX əsrin faciəsi - Xocalı soyqırımı" və "Heydər Əliyev. Elektron sənədlər toplusu" internet layihələrini də hazırlayıb oxucuların istifadəsinə verdiklərini bildirdi. Bu bazalarda toplanmış materialların tədqiqatçılar, analitiklər və jurnalistlər üçün dəyərli informasiya mənbəyidir.
Tədbirdə çıxış edən tarixçi alim Vəli Əliyevin sözlərinə əsasən, Naxçıvan dünyanın ən gözəl şəhərlərindəndir. Hətta ərəblər ona Nəqşicahan deyirdilər. Qədimdən dünyanın bütün fatehləri yollarını mütləq Naxçıvandan salıblar və bu möhtəşəm diyardan həzz alıblar. O, bunu Naxçıvanın Avropa və Asiya məkanında möhkəm mövqeyə malik olması ilə əlaqələndirdi: "Bu baxımdan Naxçıvan Şərqin forpostu adlandırılırdı. Bəşər tarixinin təkamül prosesini izləmək istəyirsənsə, Naxçıvana getmək mütləqdir.
Naxçıvan dedikdə təkcə həmin coğrafi məkanı yox, bütün dünyanı düşünməliyik. İbtidai insanın yaranması, təkamül prosesi, bugünkü sivilizasiyanın yüksək pilləyə qalxması kimi tarixi mərhələlər diqqətə çatdırılır. Naxçıvanda hər bir dövrün tarixi abidəsinə baxanda o dövrün izlərini görmək mümkündür. Bunun da əsas göstərici-si dahi öndərimiz Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü islahatların nəticələridir. Çünki Naxçıvandakı tarixi abidələrin bərpası və yenidən qurulması ümummilli liderimizin və cənab Prezidentin daim diqqət mərkəzində olub. Naxçıvan sirri açılmamış bir aləmdir".
Milli Məclisin Aqrar Məsələlər daimi Komitəsinin sədri Eldar İbrahimov isə 10 il öncə muxtar respublikanın 75 illik yubileyinin də dövlət səviyyəsində qeyd olunduğunu vurğulayaraq, qeyd edib ki, bu ənənə ulu öndər Heydər Əliyevdən qalıb. O daha sonra Naxçıvanın tarixən çox böyük ziyalılar, elm adamları, siyasi xadimlər, mədəniyyət xadimləri yetişdiyini söyləyib və əlavə edib ki, ən başlıcası muxtar respublika Azərbaycana böyük öndərimiz, Ümummilli liderimiz Heydər Əliyevi bəxş edib: "Heydər Əliyevin Naxçıvana diqqət və qayğısı daima ən yüksək səviyyədə olub. Mən tam cəsarətlə demək istəyirəm ki, əgər 1990-92 - ci illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı, bu gün işğal olunmuş ərazilərimizin siyahısında muxtar respublika da olardı. O, prezidentlik dövrlərində də mütəmadi olaraq, Naxçıvana səfər edir, görülən işlərlə, burada müşahidə olunan böyük inkişafla yerində tanış olurdu. Ulu öndərin bu siyasəti, bu addımları, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Naxçıvandakı yüksək inkişaf, görülən abadlıq və quruculuq işləri göz qabağındadır".
Millət vəkili Nizami Cəfərov qeyd edib ki, Naxçıvan Azərbaycanın etnoqrafik coğrafiyasının tərkib hissəsidir. Ona görə də Naxçıvana xüsusi diqqət yetirmək lazımdır: "Naxçıvan çox böyük şəxsiyyətlər yetişdirib. Onların hamısının adlarını sadalamaq mümkün deyil. Bu şəxsiyyətlər, Azərbaycan mədəniyyətinin, iqtisadiyyatının, həyatın bütün sahələrinin inkişafında, dövlətçiliyimizin möhkəmlənməsində təkrarolunmaz xidmət göstəriblər".
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Kərim Kərimov isə ulu öndər Heydər Əliyevin 1990-92 - ci illərdə muxtar respublikaya rəhbərlik etdiyi dövrlərdə görülən işlərdən bəhs edib: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, 1990-93 - cü illərdə burada yaşayıb fəaliyyət göstərməsi bu bölgəni erməni təcavüzündən xilas etdi. Sovet ittifaqının dağılmasından sonra Naxçıvan MR-in Ermənistanın təcavüzündən müdafiə edilməsində, son dərəcə çətin vəziyyətdə bölgənin idarə olunmasında Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, müstəsna əhəmiyyət kəsb edən qərarların qəbul edilməsi tariximizin ən parlaq səhifələrindəndir".
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bu tədbirin təqdir olunduğunu söyləyərək, belə işlərin davamlı olmasının vacibliyini önə çəkib. O, daha sonra deyib ki, ümummilli lider Heydər Əliyev öz siyasi fəaliyyətində, dövlət idarəçiliyində Naxçıvana, onun təhlükəsizliyinin təmin olunması, inkişafına böyük inam verib. O, hətta Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən daha yuxarı vəzifəyə gedəndə iki məsələnin önəmini xüsusi vurğulamış və tövsiyə etmişdi: "Dağlıq Qarabağ və Naxçıvanın təhlükəsizliyi və qorunması məsələləri. Heydər Əliyevin hakimiyyəti dövründə Ermənistan çox arzu etməsinə baxmayaraq, bu iki regionunun işğalını gerçəkləşdirə bilməmişdi. O. Ermənistanın Naxçıvana iddialarının və bu xülyalarının üstündən xətt çəkmişdi. Bu gün də Prezident İlham Əliyev muxtar respublikanın inkişafına böyük diqqət göstərir. Bu gün Naxçıvanda görülən işlərə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Orada çox böyük sürətli inkişaf müşahidə olunmaqdadır. Bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin rəhbərləri özləri bu faktı təsdiqləyirlər. Onlar muxtar respublikaya səfərlərin yüksək əhval-ruhiyyə ilə qayıdırlar və oradakı inkişafa, intizama heyran qaldıqlarını vurğulayırlar".
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunun direktoru, millət vəkili Yaqub Mahmudov isə Naxçıvan MR-in tarixi haqqında geniş məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvanda arxeoloji qazıntılar zamanı ilk insan məskənləri aşkarlanıb. Naxçıvan, eyni zamanda, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən də biridir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşıb. "Naxçıvan" sözünün mənşəyini alimlər müxtəlif cür izah edirlər. Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir. O, son zamanlar Naxçıvanın tarixinin araşdırılması ilə bağlı böyük işlər görüldüyünü vurğulayaraq, bu tədbirlərin davamlı olacağına ümidvar olduğunu bildirib.
Millət vəkili Fəttah Heydərov da, ilk olaraq, bu tədbirin əhəmiyyətindən danışıb. O, daha sonra bir daha bəyan edib ki, Naxçıvan müstəqil Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsidir. Hazırda Azərbaycanın hər bır rayonunda gedən, hər bir qəsəbəsində görülən quruculuq işləri Naxçıvanda da uğurla aparılır: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün uğurla davam etdirilir və biz bu siyasətin məntiqli nəticələrini izləməkdəyik. Bu siyasətin davam etməsini hər birimiz istəyirik".
Sonda çıxış edən Naxçıvan MR-in Azərbaycandakı daimi nümayəndəliyinin müavini Həsən Hacıyev bu tədbirə görə minnətdarlığını bildirib.
KÜBRA ƏLİYARLI
Səs.-2009.-23 aprel.-№74.-S.5