AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının 10 illiyinə həsr olunmuş Beynəlxalq konfransda Sankt-Peterburqdakı Boris Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabko demişdir. Qonaq Prezident Kitabxanasının yaradılmasının 10 illiyinə həsr olunmuş tədbirə dəvət edildiyinə görə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoruna, Prezidentin İşlər müdirinə minnətdarlığını bildirmişdir.

Qeyd etmişdir ki, postsovet ölkələrinin çox az sayda kitabxanalarının nümayəndələrinin bu tədbirə qatılmaq imkanı vardır. Bura gələnlər əsasən parlament və prezident kitabxanalarının nümayəndələridir. Azərbaycanın Prezident Kitabxanasının ehtiyatların toplanması, onlardan istifadə imkanlarının təmin edilməsi, informasiya-təhlil xidmətinin göstərilməsi istiqamətində maraqlı işlər gördüyünü bilirik.

Rusiyalı qonaq demişdir ki, heç şübhəsiz, gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri qarşılıqlı faydalı əsasda informasiya və resurs mübadiləsidir. Təkcə resurs mübadiləsini - sənədlərin tam mətninin mübadiləsini nəzərdə tutmuram.

Rusiya İmperiyasının tərkibinə daxil olduğu və Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın, o cümlədən onun paytaxtı Bakının tarixi ilə bağlı 10-dan çox sənədin tam mətnini Prezident Kitabxanasına təqdim etdik. Çox maraqlı və nadir sənədlərdir. Zənnimcə, Azərbaycanda həmin sənədlər yoxdur. Bu, ölkələrimizi birləşdirən vahid informasiya məkanının yaradılmasına bizim töhfəmizdir.
 


AZƏRTAC.- 2013.- 28 iyun.