Azərbaycan Hərbi Prokurorluğu ilə AMEA Tarix İnstitutunun birgə ərsəyə gətirdikləri “Soyqırım Muzeyi” kitab-albomun təqdimatı olub. Bundan əlavə, Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanmış “Əsrin faciəsi" sənədli filmi də təqdim edilib.

"Report"un məlumatına görə, tədbirdə Milli Məclisin bir qrup deputatı, Hərbi Prokurorluğun məsul işçiləri və Tarix İnstitutunun əməkdaşları iştirak ediblər.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, bu günlər həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində XX əsrin faciəsi - Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir: “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələlik öz hüquqi qiymətini almayıb. Azərbaycan xalqı son 200 il ərzində davamlı olaraq havadarların köməyi ilə erməni millətçiləri tərəfindən həyata keçirilən deportasiyalara, etnik təmizləmələrə və soyqırımlarına məruz qalıb. Ümid edirik ki, Soyqırım Muzeyi haqqında hazırlanmış bu kitab insanlığa qarşı törədilmiş soyqırımı cinayətlərinin unudulmaması və beynəlxalq aləmdə tanıdılması üçün görüləcək işlərin bundan sonra da ardıcıl surətdə davam etdirilməsinə mühüm təkan verəcək”.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov deyib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir: “Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və Azərbaycan tarixçiləri bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər. 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk- müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır. Sovet tarix elminə mətin bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olub. O, “Daşnaksütyun” partiyasının Bakı Komitəsinin üzvü idi”.

Azərbaycanın hərbi prokuroru, əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev kitaba yazdığı ”Ön söz”də qeyd edib ki, Hərbi Prokurorluğun Soyqırım Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib: “Muzey 4 bölmədən - tarix, deportasiyalar-repressiyalar, soyqırımlar və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir. Muzeyin soyqırımlar və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu, habelə Xocalı və ətraf əraziləri əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib. Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır”.

Tədbirdə vurğulanıb ki, muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barəsində tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında onların təbliğini genişləndirməkdir.

Mərasimdə digər natiqlər də təqdim olunan “Soyqırım Muzeyi” kitabının əhəmiyyətindən danışıblar.

Xatırladaq ki, bundan əvvəl 2016-cı ildə Tarix İnstitutunun Hərbi Prokurorluq ilə birgə layihəsi əsasında “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı hazırlanıb və nəşr olunub.

Qeyd edək ki, layihə müəllifləri Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və hərbi prokuror Xanlar Vəliyevdir.

 


REPORT.-2017.-16 fevral.