Rusiyanın paytaxtı Moskvada “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin sədrinin birinci müavini, bayraqşünaslıq və heraldika üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Azərbaycanda Prezident Kitabxanasının “Nadir kitablar” fondundan bəzi rusdilli mənbələr haqqında” adlı məqaləsi Kitabsevənlər Beynəlxalq İttifaqının “Bibliofil Almanaxı” nın 41 -ci buraxılışında yer alıb.

Məqalədə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 2003-cü ildə fəaliyyətə başlayıb. Kitabxananın yerləşdiyi bina XIX əsrin tarixi-memarlıq abidəsi hesab olunur. Bu binanı XIX əsrin 70-80-cı ilərdə məşhur alman memarı Karl Qippiusun qardaşı Otto Qippius inşa edib.

Kitabxana binasının əvvəlcədən ictimai məkan kimi layihələndirilməsi, tikilinin interyerinin və strukturunun təhlili bunu deməyə əsas verir.

Qeyd olunub ki, Qippius qardaşları Çar Rusiyası dövründə Sankt-Peterburq və Baltiya şəhərlərində də çoxsaylı əzəmətli binaları layihələndiriblər. Onların Bakıda gördükləri işlər sırasında Azərbaycanın XIII-XV1 əsr tarixi-memarlıq abidəsi olan Şirvanşaxlar Sarayının təmir-bərpa işlərini də qeyd etmək olar.

Məqalədə Prezident Kitabxanası fondlarının tarixi barədə maraqlı məlumatlar oxuculara təqdim olunub.

Bildirilib ki, Prezident Kitabxanası iki zəngin kitabxananın bazasında yaradılıb. Onlardan biri vaxtilə Azərbaycan KP MK-nın S.M. Kirov adına Siyasi Maarif Evinin Kitabxanası, ikincisi isə V.İ. Lenin adına Mərkəzi Şəhər Kitabxanası idi.

SSRİ dağılandan sonra Azərbaycan Prezidentinin İşlər İdarəsinin ümumi şöbəsinin xüsusi kitabxanası kimi işləməyə başlayıb.

Məqalədə, həmçinin, Azərbaycan hökumətinin ölkə daxili və xaricində mədəni layihələrin həyata keçirilməsi sahəsində gördüyü işlərdən bəhs olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın humanitar sahədəki fəaliyyəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, 2004-cü ilin dekabrın 17-də Mehriban Əliyeva kitabxanada görülən işlər, o cümlədən, oxucular üçün yaradılan şəraitlə tanış olub.

Əlavə edilib ki, adıçəkilən kitabxanaların birləşdirilməsindən sonra müəssisənin kitab fondu əhəmiyyətli dərəcədə genişlənib.

2006-cı ilin iyun ayında prezident İlham Əliyev kitabxanada yaradılan şəraitlə tanış olub və kitabxana sistemində müasir informasiya texnologiyaların tətbiqi ilə maraqlanıb. Məqalədə dövlət başçısının kitabxana fondlarının artırılması və maddi-texniki bazasının gücləndirilməsi barədə verdiyi tapşırıqlar da qeyd olunub, Prezident Kitabxanasının nadir kitablar fondunun çox zəngin kolleksiyasının olduğu bildirilib.

Kitabxanada XVI-XIX əsrlərdə və 20-ci əsrin əvvəllərində nəşr olunmuş müxtəlif dillərdə kitablar saxlanılır. Ümumilikdə, fondda 25 dildə 10 mindən çox kitab nüsxəsi var.

Məqalədə qeyd olunub ki, 1088 nadir fond kitabları Azərbaycan Respublikasının kitab abidələrinin dövlət reyestrinə daxil edilib. Kitabxananın ən qədim kitabı - “Parma tarixi” (italyanca “Bonaventures Andredie”) 1591 -ci ilə aiddir. Həmçinin, fondda Almaniyanın Laypsiq şəhərində qotika şrifti ilə çap olunmuş qədim Alman kitablarının kolleksiyası da saxlanılır.

Bundan başqa, məqalədə bəzi elmi əhəmiyyətli mənbələrin şəkilləri oxuculara təqdim edilib.

C.Abasov

 

 


525-ci qəzet. - 2019.- 31 yanvar. - № 20. - S. 2.