“Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” elektron nəşrin təqdimatı olub
Prezident Kitabxanasında “MEHRİBAN ƏLİYEVA. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” adlı elektron nəşrin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Prezident Kitabxanasının müdiri Mayıl Əhmədov, Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibəyli, AMEA-nın prezidenti Akif Əlizadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, təhsil, xarici işlər, mədəniyyət və turizm nazrliklərinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı və xoşməramlı səfir kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çox böyük işlər görür. Mehriban xanımın çoxşaxəli fəaliyyəti artıq Avropa və Asiya qitəsi, eləcə də Azərbaycanın bəzi qonşu ölkələri də daxil olmaqla geniş bir coğrafiyanı əhatə edir və bu coğrafiya gündən-günə genişlənir.
Təqdim olunan elektron nəşr haqqında məlumat verən kitabxana direktoru söyləyib ki, nəşr 6 əsas bölmədən - “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”, “Azərbaycan Gimnastika Federasiyası”, “Azərbaycanın birinci xanımı”, “Heydər Əliyev Fondu”, “Xoşməramlı səfir”, “Millət vəkili” bölmələrindən ibarətdir: "Elektron nəşrin ana səhifəsində Birinci xanımın qısa bioqrafiyası təqdim olunub, ona həm ölkəmizdə, həm də xarici dövlətlər və mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən mükafatların, orden və medalların, fəxri adların və təltiflərin xronologiyası verilib. Nəşrin ilk bölməsində Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə verdiyi dəstək öz əksini tapıb. İkinci bölmədə Mehriban xanımın Bakıda keçirilən I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi göstərdiyi böyük təşkilatçılıq fəaliyyəti, Azərbaycanın idman ölkəsi kimi tanınması sahəsindəki gərgin əməyi barədə mətbuat səhifələrində dərc olunmuş materialların tam mətnləri öz əksini tapıb. Birinci xanım statusunda onun 2003-cü ildən başlayan fəaliyyətinə dair bütün materiallar - görüşləri, müsahibələri, çıxışları, səfərləri, eləcə də onun haqqında olan müəllif yazıları elektron nəşrin üçüncü bölməsində toplanıb. Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti kimi, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı istiqamətində gördüyü işlər dördüncü bölmədə öz əksini tapıb. Fəaliyyət sahəsinin genişliyi nəzərə alınaraq, resursda toplanmış materiallar iki bölmədə təqdim olunur. I bölmədə Fondun Prezidenti kimi, Mehriban xanımın bilavasitə fəaliyyətinə dair materiallar, II bölmədə isə Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə, eləcədə Fondun digər rəhbər işçilərinin iştirakı ilə keçirilən tədbirlərə dair materiallar toplanıb".
Mayıl Əhmədov həmçinin bildirib ki, nəşrin beşinci bölməsində Mehriban xanım Əliyevanın UNESCO və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyəti ayrı-ayrılıqda təqdim olunur: "2004-cü ildən UNESCO-nun, 2006-cı ildən ISESCO-nun Xoşməramlı səfiri olan Mehriban xanımın milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanılması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması kimi fəaliyyətinə dair materiallar, müəllif yazıları öz əksini tapıb. Məclisin deputatı kimi Mehriban xanımın çoxşaxəli fəaliyyətinə dair materiallar altıncı bölmədə toplanıb. Hazırda 2000-dən çox materialın tam mətnini əhatə edən bu elektron nəşr mütəmadi olaraq yenilənir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan elektron nəşr http://www.mehribanaliyeva.preslib.az domeni vasitəsilə istifadəçilərə təqdim olunur".
Daha sonra çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə elektron nəşrin əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, bu təşəbbüs Prezident Kitabxanasının böyük nüfuz qabiliyyətini bir daha ortaya qoydu.
Azərbaycan Prezidenti İlham Əliyevin çoxşahəli fəaliyət həyata keçirdiyini deyən A.Əlizadə qeyd edib ki, Mehriban xanım Əliyeva da bu fəaliyyətdən geri qalmır: "Xalqımız Birinci xanımın xoşməramlı fəaliyyətinə o qədər öyrəşib ki, hətta kiçik problemləri belə olanda Heydər Əliyev Fonduna müraciət edirlər. İdmanla sağlamlıq bir-birinin vəhdətini təşkil edir. Mehriban xanım Əliyeva həm idman, həm də sağlamlıq istiqamətində geniş faəliyyətə malikdir. Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın geniş fəaliyyətinin nəticəsidir ki, hazırda qızlarımız bu sahəyə böyük maraq göstərir".
Təqdimat mərasimində nəşrlə bağlı fikirlərini bildirən "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib ki, elektron resurs Azərbaycan həqiqətlərini həm daxili auditoriya, həm də xarici vətəndaşlara çatdırılması baxımından böyük əhəmiyyətə malikdir: "Birinci xanımın fəaliyyətinin əsas qayəsini xalqa xidmət təşkil edir. Azərbaycanda Birinci xanım institutu Mehriban Əliyevanın adı ilə bağlıdır".
Baş redaktor çıxışı zamanı elektron nəşrin başqa dillərdə yaradılması ilə bağlı təklifini bildirib.
"Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev layihənin təqdirəlayiq olduğunu bildirib. Onun sözlərinə görə, elektron resurs həm jurnalistlər, həm də medianın digər təmsilçiləri üçün yeni töhfədir: "Elektron nəşrin geniş bazası var. Jurnalistlərin axtarıb tapa bilmədikləri məlumatlar bu nəşrdə öz əksini tapıb".
Mehriban xanım Əliyevanın çoxşahəli fəaliyyətindən danışan Media Qrupun rəhbəri vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti hər zaman humanist ideyalarla çıxış edib. B.Quliyev çıxışı zamanı elektron nəşrdə foto və video bölmələrinin yaradılması təklifini də səsləndirib.
Birinci xanım institutunun ABŞ-da yarandığını dilə gətirən Azərbaycan Prezidenti Administrasiyası Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibəyli bildirib ki, Azərbaycanda bu institutun yaranması məhz Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlıdır.
Ə. Həbibəyli elektron resursun hər bir oxucu, eləcə də səfirlər və xarici diaspor təşkilatları üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Gələcəkdə nəşrə Azərbaycanın birinci xanımının ictimai- siyasi xadim kimi statlar bölməsi əlavə edilsə, yaxşı olar".
Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.
Səs.-2016.-10 iyun.-№104.-S.3.