Fevralın 20-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, nəşr Prezident Kitabxanasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib.

 

Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov tariximizin öyərnilməsinin vacibliyini vurğulayıb. O, “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin Qərbi Azərbaycan torpaqlarının öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Tədbirin moderatoru Rəvan Həsənov bildirib ki, 1847-ci ilin xəritəsi Gürcüstan Hərbi Topoqrafik Baş Qərargahı və Çar Rusiyası tərəfindən hazırlanmış xəritədir. Xəritələr olduğu kimi mənbəyi göstərilməklə çap edilib. Bu zamana qədər Azərbaycan ictimaiyyəti üçün 1903-cü ildə çap edilmiş xəritənin daha çox tanış olduğunu diqqətə çatdıran R.Həsənov əlavə edib ki, həmin xəritədə də istər Qarabağ, istərsə də Şərqi Zəngəzur iqtisadi rayonlarının, eyni zamanda, Qərbi Azərbaycan ərazisində olan toponimlərin mənşələri göstərilmişdi. Amma o xəritələrdə XX əsrin əvvəllərində ermənilər tərəfindən saxtalaşdırılma, dəyişdirilmə işləri aparılıb. 1847-ci ilin xəritəsində olan toponimlər, hidronimlər və aqronimlərin faiz etibarilə daha çoxu Azərbaycan, türk mənşəlidir. Xəritənin təkcə elm sahəsində, alimlər arasında deyil, bütün dünya ictimaiyyətinə çatdırılmasının, müxtəlif dillərə tərcümə olunmasının vacibliyini vurğulayan BBMM-nin icraçı direktoru deyib ki, artıq bu prosesə başlanılıb. Xəritə rus və ingilis dilinə tərcümə olunur.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Azərbaycan həqiqətlərinin üzə çıxarılmasında xəritənin nəşr olunmasının ciddi bir addım olduğunu vurğulayıb. BBMM-in bu istiqamətdə işləri sistemli şəkildə apardığı bildirilib. Mərkəzin “Həqiqətin onomastikası” kitabının birinci və ikinci nəşrinin hazırlanması, kitabların rus və ingilis dillərinə tərcümə olunması da buna sübutdur.

Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Azərbaycanla bağlı tarixi faktların saxtalaşdırılmasının üzə çıxarılmasının vacibliyini diqqətə çatdırıb. Ulu Öndər Heydər Əliyevin “Öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz” fikrinə istinad edən F.Axundov qeyd edib ki, son 200 il ərzində ermənilər Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində çox işlər görüblər və müəyyən məqamlarda buna nail ola biliblər. Bu gün bu saxtakarlıqların üzə çıxarılması və tarixi həqiqətlərin ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. “Qafqaz diyarının xəritəsi – Tiflis, 1847-ci il” nəşrinin çap olunması bu istiqamətdə görülən işlərə, atılan addımlara mühüm töhfədir.

 

Tariximizin sübut olunmasını milli məsələ adlandıran Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli vurğulayıb: “Biz tarixin saxtalaşdırılması ilə bağlı çürük təfəkkürü ermənilərin beynindən sökməyə nail olmalıyıq və bunun üçün Azərbaycanın tarixini sübut edən xəritələrin yenidən çapına böyük ehtiyac duyulur”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, yalanların ifşasına həmişə ehtiyac var: “Bizim müharibəmiz bitsə də, mübarizəmiz hələ davam edir. Mübarizədə isə bu kimi ciddi faktlara əsaslanan nəşrlərin rolu əvəzsizdir. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, eləcə də vaxtilə azərbaycanlıların tarixən yaşadığı indiki Ermənistan ərazisində Azərbaycan toponimlərinin saxtalaşdırlması faktlarının araşdırılıb üzə çıxarılmasının və dünya ictimaiyyətinə çatdırımasının vacibliyini və nəşr olunan xəritənin əhəmiyyətini vurğulayıb.

Digər çıxış edənlər nəşrin əhəmiyyətindən danışıblar, onun tarixi həqiqətlərin üzə çıxarılmasında vacibliyini diqqətə çatdırıblar.

Tədbir müzakirələrlə davam edib.


AZƏRTAC
2024, 20 fevral