Prezident Kitabxanasında görkəmli kitabxanaşünas alim Abuzər Xələfovla görüş keçirilib
Noyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli elm və təhsil xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin (BDU) fəxri professoru, tarix elmləri doktoru Abuzər Xələfovla görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş Abuzər Xələfovun 85 illik yubileyi çərçivəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov qeyd edib ki, bu gün Azərbaycan kitabxanaçılarının mütləq əksəriyyəti Abuzər Xələfov məktəbinin yetirmələridir.
Vurğulanıb ki, Abuzər Xələfovun təşəbbüsü ilə 1962-ci ildə BDU-nun kitabxanaçılıq şöbəsi müstəqil kitabxanaçılıq fakültəsinə çevrilib. O, bu fakültənin ilk dekanı olub və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərib. 1963-cü ildən son vaxtlaradək kitabxanaşünaslıq kafеdrasmm müdiri vəzifəsində işləyib. Äbuzər Xələfov keçmiş SSRİ məkanmda kitabxana işinin tarixi sahəsində ilk doktorluq dissertasiyası müdafiə edib. O, uzun illər ərzində Moskvada fəaliyyət göstərən doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü olub.
Mayıl Əhmədov bildirib ki, Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi məktəb yaradıb, bu sahə üzrə elmi-pedaqoji kadrların hazırlığında böyük işlərə imza atıb. O, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası və aktual problemləri ilə bağlı neçə-neçə tədqiqatçının elmi işinə rəhbərlik edib. Onun “Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı”, “Azərbaycanda ali kitabxanaçılıq təhsili”, üçcildlik “Äzərbaycanda kitabxana işinin tarixi”, “Kitabxanaşünaslığa giriş”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” kimi monoqrafiya və dərslikləri tələbələrin, o cümlədən tədqiqatçıların masaüstü kitablarıdır.
Kitabxananın direktoru vurğulayıb ki, Abuzər Xələfovun əməyi hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” ordeni, “Əməkdar elm xadimi”, “Əməkdar mədəniyyət işçisi” kimi fəxri adlarla təltif edilib. Abuzər müəllim, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Hazırda Abuzər Xələfov kitabxanaşünaslıq kafedrasının məsləhətçi-professoru kimi bilik və təcrübəsini müəllim və tələbələrlə bölüşür.
Qonaqlar adından M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktor müavini Mələkxanım Hacıyeva, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin müəllimləri, dosentlər Sevda Quliyeva və Rasim Süleymanov, Xətai Rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Oruc Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və Prezident Kitabxanasının sektor müdiri Əliyusif Məmmədov çıxış edərək Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsindəki tədqiqatlarından, ölkəmizdə kitabxanaçılar ordusunun yetişdirilməsində göstərdiyi fədakar əməyindən, xeyirxah əməllərindən danışıb, onu Azərbaycan kitabxanaçılarının patriarxı kimi xarakterizə ediblər.
Tədbirin sonunda yubilyar onun əməyinə göstərilən böyük diqqətə görə təşəkkürünü bildirib, keçdiyi həyat yolundan bəhs edib.
AZƏRTAC.-2016.- 17 noyabr.