Prezident kitabxanasında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, təqdimat mərasimində Azərbaycanda fəaliyyət göstərən etnik- mədəni mərkəz və cəmiyyətlərin təmsilçiləri iştirak edib.

Prezident kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunması barədə prezidentin 11 yanvar 2016-cı il tarixli sərəncamının icrası məqsədilə martın 11-də təsdiqlənən “Tədbirlər Planı”nda “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının yaradılması müvafiq dövlət orqanları ilə birgə Prezident Kitabxanasına həvalə olunub. O deyib ki, hazırlanan sayt və elektron kitabxana Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. M. Əhmədov qeyd edib ki, saytda materiallar 6 bölmədə qruplaşdırılıb: “Bölmələrdə istifadəçilərə Azərbaycanda məskunlaşmış xalqların, milli azlıqların, etnik qrupların tərkibi, demoqrafik vəziyyəti, məskunlaşma arealları haqda ətraflı məlumat verilib. Sayta azsaylı xalqların, milli azlıqların nümayəndələrinin təhsil aldığı məktəblərdə tədris olunan dərsliklərin elektron versiyaları da yerləşdirilib. Azərbaycanda yaşayan azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı sahəsində qəbul edilən qanun, fərman, sərəncam və digər sənədlərin mətnləri toplanıb. “Fotoqalereya” və “Videoqalereya” bölmələri də mövcuddur”.

M.Əhmədovun sözlərinə görə, Azərbaycan multikulturalizminə dair Azərbaycan və digər dillərdə 160-dan artıq kitabın elektron versiyası hazırlanıb: “E-resurslar bölməsində multikulturalizmə dair 700-dən artıq məqalənin tam mətnləri ilə tanış olmaq olar”.

Fərid Mirzəyev

 


APA.-2016.-14 oktyabr.