Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsinin üçilliyi ilə bağlı 2 elektron nəşr hazırlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin başçısı seçildikdən sonra ölkəmizin iqtisadi, mədəni, sosial həyatının müxtəlif sahələrinin kompleks inkişafını təmin etmək məqsədi ilə 30-a yaxın Dövlət Proqramı təsdiq etmişdir. Bu proqramlardan biri də icrası 2004-2008-ci illərdə nəzərdə tutulan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"dır.

Prezident kitabxanasının əməkdaşları istifadəçilərin bu mövzu üzrə informasiya tələbatını daha dolğun və operativ surətdə ödəmək məqsədi ilə Dövlət Proqramının icrasına başlanandan bəri qəbul edilən rəsmi sənədlərin və dövlətimizin başçısının regionlara səfərlərini əks etdirən bütün materialların tammətnli elektron nəşrini (sənədlər toplusunu) və Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı iqtisadi rayonlar üzrə ölkə mətbuatında dərc olunan materialların elektron biblioqrafik göstəricisini hazırlamışlar. Bu nəşrlərə daxil olan materialların elektron mətni seçilərək sistemləşdirilmiş və 3 fəsildə qruplaşdırılaraq xronoloji ardıcıllıqla istifadəçilərə təqdim edilmişdir.

Elektron nəşrin I fəslində Dövlət Proqramının təsdiq edilməsinə və icrasına dair Prezidentin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının və sosial-iqtisadi inkişaf üzrə Tədbirlər Planının elektron versiyası toplanmışdır. Nəşrin II fəslində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən respublika müşavirələri və konfranslarında, Nazirlər Kabinetinin iclaslarında dövlətimizin başçısının nitqlərinin, III fəsildə isə Prezidentin bölgələrə səfərləri zamanı nitq və çıxışlarının elektron versiyaları əksini tapmışdır.

Həmin elektron nəşrlərin təhlili göstərir ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" qəbul olunduğu vaxtdan bəri proqramın icrasının təmin edilməsi məqsədi ilə Prezident İlham Əliyev 35 fərman, sərəncam və tədbirlər planı imzalamışdır. Ötən 3 il ərzində Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı dövlətimizin başçısının sədrliyi ilə 9 ümumrespublika müşavirəsi, konfransı və Nazirlər Kabinetinin iclası keçirilmişdir. Bu müddət ərzində Prezident ölkənin 48 rayon və şəhərində səfərdə olmuş, əhali ilə 115 görüşdə çıxış etmişdir.

"Regionların sosial-iqtisadi inkişafı" adlı elektron nəşrdə 242 rəsmi materialın tam mətni əhatə edilmişdir. Eyniadlı elektron biblioqrafik göstəricidə isə 1700-dən çox rəsmi sənədə, qəzet və jurnal məqaləsinə istinad edilmişdir.

İstifadəçilərə təqdim olunan bu elektron nəşr və eyniadlı elektron biblioqrafik göstərici mərkəzi və yerli icra orqanlarının, bələdiyyələrin məsul əməkdaşları, eləcə də ölkəmizin sosial-iqtisadi problemləri ilə məşğul olan mütəxəssislər, tədqiqatçılar və ekspertlər üçün nəzərdə tutulmuşdur. Bu bazalar Prezident kitabxanasının www.preslib.az saytında yerləşdirilmişdir. Materialların istifadəçilərə əsasən elektron poçt vasitəsilə çatdırılması nəzərdə tutulmuşdur.

 


AZƏRTAC.-13 fevral 2006-cı il