İsmayıl Serageldi̇n: Si̇zi̇n ki̇tabxananız daha gözəl və geni̇şdi̇r
AzərTAc xəbər verir ki, dekabrın 27-də Prezident Kitabxanasında ölkəmizdə işgüzar səfərdə olan Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin ilə görüş keçirilmişdir.
Kitabxananın direktoru Mayıl Əhmədov bu elm xəzinəsinin yaradılması və fəaliyyəti barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, kitabxananın yaradılmasından məqsəd Azərbaycan Prezidenti İcra Aparatının, İşlər İdarəsinin, mərkəzi və yerli icra orqanlarının əməkdaşlarına, eləcə də humanitar elmlər sahəsində çalışan tədqiqatçılara kitabxana-biblioqrafiya və informasiya xidməti göstərməkdir. Mükəmməl ənənəvi və elektron kataloq - kartoteka, biblioqrafik vəsaitlər sistemi tətbiq olunmaqla bu resurslar oxucuların istifadəsinə verilir. M. Əhmədov kitabxananın strukturu, burada həyata keçirilən layihələr, hazırlanan tammətnli elektron nəşrlər, elektron-biblioqrafik göstəricilər, məlumat bülletenləri və s. haqqında da danışmışdır.
Yüksək səviyyədə qarşılandığı üçün təşəkkürünü bildirən İsmayıl Serageldin Prezident Hüsni Mübarəkin və onun xanımının təşəbbüsü ilə Misirdə də belə bir kitabxananın fəaliyyət göstərdiyini vurğulamışdır. Bildirmişdir ki, həmin kitabxana da köhnə, lakin yaxşı təmir olunmuş binada yerləşir. Amma sizin kitabxana daha gözəl və genişdir. Xanım Mübarəkin təkilifi ilə həmin kitabxananın regionlarda da filialı var. Arzu edərdim ki, sizdə də belə olsun.
Qonaq kitabxanada nümayiş olunan “Azərbaycan-Misir ədəbiyyatşünaslığı yeni mərhələdə” adlı kitab sərgisinə də baxmışdır.
İ.Serageldinə İsgəndəriyyə kitabxanası üçün kitab hədiyyə edilmişdir. Qonaq xatirə kitabına ürək sözlərini yazmışdır.
AZƏRTAC.-2007.-27 dekabr.