Prezident Kitabxanasında Naxçıvanın 85 illik yubileyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası-85” adlı internet resurs hazırlanmışdır.

Bu münasibətlə keçirilən mərasimdə kitabxananın direktoru Mayıl Əhmədov demişdir ki, ölkəmizdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyi geniş qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu barədə imzaladığı 2009-cu il 6 fevral tarixli Sərəncamında deyilir: “Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi-mədəni mərkəzlərindən biri olaraq şöhrət tapan bu torpaq neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyət yetirmişdir”.

Tədbirdə AMEA-nın müxbir üzvü Vəli Əliyev, Milli Məclisin deputatları Nizami Cəfərov, Yaqub Mahmudov, Eldar İbrahimov, Fəttah Heydərov, Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək bu internet resursun Naxçıvanın tarixinə, mədəniyyətinə, incəsənətinə, iqtisadiyyatına dair materialların dünya ictimaiyyətinə daha dolğun və operativ çatdırılması sahəsində mühüm vasitə olduğunu vurğulamış, öz təklif və mülahizələrini diqqətə çatdırmışlar. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi vəzifəsini icra edən Həsən Hacıyev Prezident Kitabxanasının kollektivinə Naxçıvana həsr olunmuş zəngin internet resurs yaratdıqlarına görə Muxtar Respublikanın rəhbərliyi adından minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, “Ümumi məlumat”, “Tarix”, “İdarəetmə sistemi”, “İqtisadiyyat”, “Elm və təhsil”, “Mədəniyyət”, “Resurslar” adlı 7 bölmədən ibarət olan bu resurs internet istifadəçilərinə Muxtar Respublika haqqında dolğun və operativ məlumat vermək məqsədi daşıyır. Bədxah qonşularımızın Azərbaycanın müxtəlif ərazilərinə, o cümlədən Naxçıvana da olan iddialarını nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları bu diyarın qədim tarixinə dair müxtəlif mənbələrdə olan məlumatların, sənədlərin toplanmasına xüsusi əhəmiyyət vermişlər. İnternet resursun “Tarix” adlı bölməsində toplanmış və bir neçə fəsildə sistemləşdirilərək istifadəçilərə təqdim edilmiş səhifələrində Naxçıvanın həm qədim dövrlərinə dair tarixi, həm Muxtar Respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə də müasir dövrə dair çox maraqlı sənədlər vardır. “Naxçıvan ən qədim zamanlardan xanlıqlar dövrünədək”, “Naxçıvan xanlığı”, “Naxçıvan qəzası”, “Araz Türk Cümhuriyyəti”, “Naxçıvan General Qubernatorluğu”, “Ermənilərin Naxçıvanda törətdikləri soyqırımlar” “Naxçıvan İnqilab Komitəsi”, “Naxçıvan Muxtar Diyarı”, “Naxçıvan Muxtar Respublikası 1924-1991-ci illərdə” və “Müstəqillik dövrü” adlanan yarımbölmələrdə Naxçıvanın müxtəlif dövrlərdəki inzibati-ərazi və idarəetmə forması barədə tarixi sənədlərlə, həmçinin ilk dəfə olaraq Prezident Kitabxanasının əməkdaşları tərəfindən tərtib olunmuş Naxçıvan tarixinin xronologiyası ilə də tanış olmaq mümkündür. “Resurslar” bölməsində həm ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərlərinin xronologiyası tərtib olunmuşdur. Onların Naxçıvanda keçirdikləri müxtəlif görüşlərdə və tədbirlərdəki çıxışlarının tam mətnləri “Heydər Əliyev Naxçıvanda”, “İlham Əliyev Naxçıvanda” adlı yarımbölmələrdə istifadəçilərə təqdim edilir.

İnternet istifadəçiləri “Elektron kitablar” yarımbölməsində Naxçıvanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair müxtəlif dillərdə olan “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Qayıdış”, “Naxçıvan sancağının müfəssəl dəftəri”, N. Vəlixanlının “Naxçıvan - ərəblərdən monqollaradək: VII-XII əsrlər” və digər 20-dən çox fundamental kitabın elektron versiyaları ilə tanış ola bilərlər.

“Resurslar” bölməsinin maraqlı yarımbölmələrindən biri də Naxçıvana dair dövri mətbuatda dərc olunmuş məqalələrin tam mətnlərindən ibarət “Mətbuat səhifələrində”dir. “Görkəmli naxçıvanlılar” yarımbölməsində isə bu diyarın görkəmli alimləri, sənətkarları, yazıçıları, şairləri və tarixi şəxsiyyətləri haqqında məlumatlar toplanmışdır. Naxçıvana dair operativ informasiya ilə maraqlanan oxucular “Biblioqrafiya”dan yararlanacaqlar. Burada Prezident Kitabxanasının fondunda olan kitabların, avtoreferatların və dövri mətbuatda çap olunmuş əhəmiyyətli məqalələrin biblioqrafik təsvirləri verilmişdir.

“İdarəetmə sistemi” bölməsində Muxtar Respublikanın Konstitusiyasının tam mətni ilə tanış olmaq mümkündür. Bu bölmənin “Qanunvericilik hakimiyyəti”, “İcra hakimiyyəti” və “Məhkəmə hakimiyyəti” hissələrində Muxtar Respublikada hakimiyyətin bu qolları barədə internet istifadəçilərinə müfəssəl məlumat təqdim edilir. “Ali Məclisin sədri” yarımbölməsində isə Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun 1996-cı ildən bu günədək etdiyi məruzə və çıxışlarının tam mətnləri ilə tanış olmaq mümkündür. “Naxçıvan Muxtariyyəti tarixi sənədlərdə” adlı kolleksiyada Naxçıvan Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli qərarı, Naxçıvanda Xalq Komissarlıqlarının yaradılması haqqında 1924-cü il 19 fevral tarixli Dekreti, Naxçıvan Sovet Sosialist Respublikasının 1926-cı il yanvarın 15-də təsdiq edilmiş Konstitusiyasının mətni, Naxçıvan Sovet Sosialist Respublikasının Əsasnaməsi, Naxçıvan Diyarının hərbi komissarı Talıbzadənin Azərbaycan SSR Xalq Komissarları Sovetinə Naxçıvandakı vəziyyətlə bağlı 1921-ci ilin mayında göndərdiyi məruzənin mətni, Muxtar Respublikanın yaradılmasının 10 illik və 25 illik yubileyinin qeyd olunmasına dair 1930-cu il 27 iyul tarixli Manifest, 1949-cu il 3 may tarixli Qərar və digər mühüm arxiv sənədlərinin surətləri təqdim olunur.

Qeyd edək ki, bütün bölmələri mütəmadi olaraq yeniləşdirilən “Naxçıvan Muxtar Respublikası - 85” internet resursunun ingilis dilində versiyası da hazırlanır.

Xatırladaq ki, Prezident Kitabxanasının mütəxəssisləri bu günədək üç dildə “Odlar Yurdu Azərbaycan”, “XX əsrin faciəsi - Xocalı soyqırımı” və “Heydər Əliyev. Elektron sənədlər toplusu” internet səhifələrini də hazırlayıb oxucuların istifadəsinə vermişlər. Bu internet səhifələrində toplanmış materiallar tədqiqatçılar, analitiklər və jurnalistlər üçün dəyərli informasiya mənbəyidir.

 


AZƏRTAC.- 2009.- 22 aprel.