Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları, magistrant və tələbələri üçün ustad dərsi keçib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Kitabxana-informasiya fəaliyyətinin menecmenti fənnindən “Kitabxana menecmentinə verilən müasir tələblər” mövzusunda danışan Mayıl Əhmədov universitetdə təşkil olunan ustad dərslərini yüksək qiymətləndirib. O, Ulu öndər Heydər Əliyevin hər zaman kitabxana işinə böyük dəyər verdiyini vurğulayaraq müdrik rəhbərin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir!” kəlamını diqqətə çatdırıb.

Mayıl Əhmədov mühazirəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası haqqında, onun kadr potensialı, maddi-texniki bazası, perspektivləri və hədəfləri barədə ətraflı məlumat verib. Prezident Kitabxanasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin xeyli məzununun çalışdığını diqqətə çatdıran M.Əhmədov gələcəkdə də kadrların yerləşdirilməsində fakültənin məzunlarının xüsusi rol oynayacaqlarına əminliyini bildirib.

Mühazirədə qlobal informasiya mühitində kitabxana menecmentinə verilən müasir tələblər, informasiya logistikası kimi mühüm istiqamətlər şərh edilib. Kitabxanaların fundamental funksiyalarının həyata keçirilməsində sistemli yanaşmanın vacibliyi elmi-metodoloji cəhətdən əsaslandırılıb. Modern kitabxanaçı-biblioqrafın siması, onun elmi-mədəni səviyyəsi, oxucu-kitabxanaçı ünsiyyətinin psixoloji-pedaqoji çalarları da mühazirədə öz əksini tapıb.

Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib. Mayıl Əhmədov dinləyicilərin mövzu ilə bağlı suallarını cavablandırıb.

 

 

AZƏRTAC.-2021.-19 noyabr.