Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ərəfəsində azərbaycanlıların soyqırımı və deportasiyasına dair materiallar əsasında Azərbaycan, ingilis və rus dillərində elektron resurs hazırlamışdır. AzərTAc xəbər verir ki, kitabxananın direktoru Mayıl Əhmədov bildirmişdir ki, elektron resurs Azərbaycan Prezidenti İlham Əliyevin 31 Mart azərbaycanlıların soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciətlərində qarşıya qoyulan mühüm vəzifələrə uyğun olaraq, azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə yaradılmışdır. Elektron resursda internet istifadəçilərinə tarixi Azərbaycan torpaqlarında ermənilərin dövlət yaratmaq səyləri, erməni vilayətinin təşkili, ermənilərin İrandan və Türkiyədən köçürülməsi, 1905-1906-cı il qırğınları, 1918-1920-ci il soyqırımı, Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur qırğınları, azərbaycanlıların 1948-1953-cü və 1988-1989-cu illər deportasiyası və digər qanlı hadisələr barədə xronoloji ardıcıllıqla məlumat verilir.

Sənədlər və materiallardan göründüyü kimi, xalqımız son iki yüz ildə dəfələrlə kütləvi qırğınlara və soyqırımlarına məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə kəndi, qəsəbəni və şəhəri viran etmiş, tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq niyyətlərini reallaşdırmağa çalışmışlar.

1826-1828-ci il Rusiya-İran,1828-1829-cu il Rusiya-Türkiyə müharibələrindən dərhal sonra İran və Türkiyədən köçürülən 130 minə yaxın erməni, əsasən, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır. Bu müharibələr nəticəsində 359 Azərbaycan kəndi dağıdılmışdır. Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində təşkil edilən Erməni vilayətində mövcud olan 1111 yaşayış məntəqəsindən cəmisi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşayırdı.

Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra özlərini Qafqazda bolşevik hakimiyyətinin dayağı hesab edən ermənilər Sovet hakimiyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirmişdilər. 1918-ci il martın 30-u, 31-i və aprelin 1-də ermənilər bolşevik Rusiyasının hərbi yardımı ilə Bakıda soyqırım törədərək 15 min azərbaycanlını qətlə yetirmişdilər. Məqsəd Bakını ələ keçirməkdən, onun neftinə sahib çıxmaqdan ibarət idi. Həmin ilin mart-aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən artıq soydaşımızı qəddar üsullarla qətlə yetirmişdilər. Qırğınlar İrəvan quberniyası ərazisində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qars vilayətində daha amansız şəkildə törədilmişdi. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272 (o cümlədən Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır. 1948-1953-cü illərdə SSRİ hökumətinin qərarı ilə yüz mindən artıq azərbaycanlı indiki Ermənistan ərazindəki tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar.

1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən erməni millətçiləri Dağlıq Qarabağı işğal etməyə cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək olan müddətdə 22 rayonda soydaşlarımız yaşayan 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, nəticədə 200 mindən artıq azərbaycanlı, 18 min müsəlman kürdü, min nəfərdən çox rusdilli əhali Azərbaycana pənah gətirmişdir. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca müxtəlif bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur. Ermənistan silahlı qüvvələri Azərbaycanın 12 rayonunu işğal etmiş (ərazisinin 20 faizi), 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər ki, onların da əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil edirlər. Bir milyona yaxın azərbaycanlı erməni təcavüzü nəticəsində öz torpaqlarından məcburi köçkünə çevrilmişdir. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı isə dünya tarixində bənzəri olmayan vəhş iliyin nümunəsidir.

İşğal edilmiş ərazilərdə 4 mindən çox sənaye və kənd təsərrüfatı obyekti, 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, ümumi sahəsi 6 milyon kvadratmetr olan 180 mindən artıq mənzil və şəxsi ev, minə yaxın təlim-tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı, o cümlədən 927 kitabxana, 700-dən artıq tibb müəssisəsi erməni vandalları tərəfindən dağıdılmışdır.

1918-ci ildə imzalanan Batum müqaviləsinə əsasən cəmisi 9 min kvadratkilometr ərazisi olan Ermənistan, 1988-ci ilədək onu 30 min kvadratkilometrə çatdırmış, hazırda isə işğal etdiyi ərazilərlə birlikdə təqribən 45 min kvadratkilometr əzəli Azərbaycan torpaqlarını öz nəzarəti altına almışdır. Rəsmi Ermənistan azərbaycanlılara qarşı soyqırımı həyata keçirərək, onları tarixi-etnik torpaqlarından təmizlədikdən sonra mənəvi soyqırımı - türkmənşəli toponimləri ermənicələşdirmək aksiyasını həyata keçirmişdir. Son vaxtlara qədər mövcud olan türkmənşəli toponimin hamısı dəyişdirilmiş, soydaşlarımızın yaşadıqları kəndlər ölü zonaya çevrilərək, yaşayış məntəqələrinin siyahısından silinmişdir.

Xalqımızın başına gətirilən bütün bu faciələr barədə materiallar toplanaraq xronoloji ardıcıllıqla sistemli şəkildə ilk dəfə olaraq internet vasitəsilə geniş oxucu kütlələrinə təqdim edilir. Bu elektron resurs müntəzəm olaraq yeni materiallarla zənginləşdirilir.

 


AZƏRTAC. - 2008. - 30 mart.