İyunun 29-da Bakıda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının on illiyinə həsr olunmuş "Dövlət idarəetmə orqanlarının sənəd- informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi - praktik konfrans işini Prezident və Parlament kitabxanaları rəhbərlərinin müşavirəsi ilə davam etdirmişdir.

AzərTAc xəbər verir ki, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov konfransın birinci gününün səmərəli olduğunu, bir çox məsələlərlə bağlı geniş müzakirələr keçirildiyini qeyd etmişdir.

M.Əhmədov on ölkənin ali dövlət icra və qanunvericilik orqanlarının kitabxana-biblioqrafik və sənəd- informasiya təminatı ilə məşğul olan qurumlarının mütəxəssislərinin iştirak etdikləri bugünkü müşavirədə də faydalı fikir mübadiləsi aparılacağına ümidvar olduğunu bildirmişdir.

Tədbirdə Prezident Kitabxanası direktorunun müavini Cəmilə Talıbzadənin "Prezident Kitabxanasının xarici əlaqələri haqqında", kitabxananın məsləhətçisi Əliyusif Məmmədovun "Müasir dövrdə dövlət hakimiyyət orqanlarına göstərilən kitabxana xidmətinin bəzi problemləri", Bakı Dövlət Universitetinin biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılovun "Respublikanın dövlət idarəetmə orqanlarına kitabxana-biblioqrafik xidməti göstərilməsi sahəsində Azərbaycan Milli Kitabxanasının fəaliyyəti" mövzularında məruzələri və Moldova Respublikasının Prezidenti Aparatı Qanunvericilik İdarəsinin rəisi Mariana Sekeryanunun təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı çıxışı dinlənilmişdir.

Daha sonra müşavirənin işi diskussiya formasında davam etdirilmişdir. Azərbaycan, Türkiyə, Belarus, Litva, Macarıstan, Moldova, Rumıniya, Rusiya və Ukraynadan olan nümayəndələr ölkələrində ali dövlət qurumlarının sənədlərlə və biblioqrafik informasiya ilə təmin edilməsinin aktual məsələlərini geniş müzakirə etmişlər.

Tədbirdə Prezident Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya, Martinas Majvidas adına Litva Milli Kitabxanasının baş direktoru Renaldas Qudauskas, Rusiyanın Boris Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabko, Ukraynanın nümayəndəsi Tamara Vileqjania müzakirə olunan məsələlərə dair fikir və münasibətlərini bildirmiş, konfransın səmərəli təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd etmişlər.

Türkiyə Böyük Millət Məclisi Kitabxana və Arxiv Xidmətinin rəhbəri Mehmet Toprak müxtəlif ölkələrdən olan konfrans iştirakçılarının təmsil etdikləri qurumlar arasında əlaqələrin yaradılmasını və birgə layihələrin həyata keçirilməsini təklif etmişdir.

Belarus Respublikası Prezident Kitabxanası direktorunun müavini Lyudmila Naumova konfrans iştirakçıları adından çıxış edərək tədbirin təşkilinə göstərilən köməyə və yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Bununla da, "Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri" mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans öz işini başa çatdırmışdır.

 


Azərbaycan.-2013.-29 iyun.-№ 139.-S.8.