Prezident Kitabxanasında tarix elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Abuzər Xələfovun 80 illik yubileyi təntənə ilə qeyd edilmişdir.

AzərTAc xəbər verir ki, kitabxananın direktoru Mayıl Əhmədov A.Xələfovun şərəfli ömür yolundan, elm sahəsində qazandığı uğurlardan, kitabxanaçılığın inkişafındakı rolundan danışmışdır. Bildirilmişdir ki, professor A.Xələfov kitabxanaşünaslıq-biblioqrafiya sahəsində elmi məktəb yaratmış, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası ilə bağlı sanballı əsərlər yazmışdır. Altmış ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olan yubilyar kitabxana işi, kitabxanaşünaslıq, təhsil və informasiya sahələrinin tarixinə və nəzəriyyəsinə dair 250-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti, elmi məqalə və tədris-metodiki materiallar çap etdirmişdir. Ölkəmizdə kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru olan A.Xələfov indiyədək 20-yə yaxın elmlər doktoru və elmlər namizədi yetirmişdir. Professor A.Xələfovun üçcildlik “Azərbaycanda kitabxana işinin tarixi”, “Kitabxanaşünaslığa giriş”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” kimi monoqrafiyaları xalqımızın elm və mədəniyyət tarixinə qiymətli töhfələr kimi dəyərləndirilmişdir.

Bakı Dövlət Universitetinin əməkdaşları - professor Bayram Allahverdiyev, dosent Elçin Əhmədov, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi, baş müəllim Əliyüsif Məmmədov, Prezident Kitabxanasının şöbə müdirləri Nazim Mustafayev, Zakir İsmayılov yubilyarın elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətindən, Azərbaycanda kitabxanaşünaslıq və biblioqrafiya elminə verdiyi sanballı töhfələrdən söhbət açmış, onu təbrik etmişlər.

Tədbirdə “Bakı Universiteti” nəşriyyatında çapdan buraxılmış, ölkəmizin görkəmli elm və mədəniyyət xadimlərinin A.Xələfov haqqında məqalə və xatirələri toplanmış “80 yaşın ucalığı” kitabının təqdimatı keçirilmiş, alimin əsərlərindən və onun haqqında yazılmış materiallardan ibarət sərgi nümayiş olunmuşdur.

Sonda A.Xələfov həyatının ibrətamiz səhifələrindən, kitabxanaçılıq peşəsinin müqəddəsliyindən söhbət açmış, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 


AZƏRTAC.- 2011.- 7 dekabr