Özbək tarixçi: Özbəkistanın Ermənistanla rəsmi əlaqələri və orada səfirliyi yoxdur
Oktyabrın 25-də AMEA Tarix İnstitutunun Elmi Şurasında tanınmış özbək alimi Şuxrat Salamovla görüş keçirilib. Tədbirdə qonağın “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” adlı kitablarının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, elmi və siyasi əhəmiyyət kəsb edən bu kitabların təqdimatının Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin qeyd edildiyi vaxta təsadüf etməsi mühüm hadisədir: "Şuxrat bəy hələ “Türküstan və Cənubi Qafqaz XlX-XX əsrlərdə, Daşnaklar: Fərqanədən Qarabağadək” kitabı üzərində işləyərkən günlərlə bizim Prezident Kitabxanasında olub".
Sonra çıxış edən AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib ki, təqdim olunan kitabın əsas məzmunu erməni daşnaklarının irqçi siyasətini və bütövlükdə türk xalqlarına qarşı yönəlmiş soyqırımlarını aşkara çıxarmaqdır. Alim bildirib ki, Dövlət başçısının da dəstəyi ilə Azərbaycanda xalqımıza qarşı erməni daşnakları tərəfindən zaman- zaman soyqırımların törədildiyi sənədlər əsasında sübut olunub. Soyqırıma həsr olunmuş iki konfrans keçirilib, üçüncü də mart-aprel aylarında keçiriləcək. Onun sözlərinə görə, “Qarabağ: ideyalar müharibəsi” kitabında erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb: “Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır”.
Daha sonra Ş.Salamov “Daşnaksütyun Azərbaycan və Türküstanda soyqırımların təşkilatçısı kimi” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, erməni millətçiləri Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif zamanlarda ağır cinayətlər, qırğınlar, terror aktları törədib, soyqırımları həyata keçiriblər. O deyib: “Bolşevik terroru nəticəsində Türküstanda milyonlarla insan öldürülüb. Bu qırğında erməni daşnaklarının rolu böyükdür. Dinc əhalinin vəhşicəsinə qırılması əsl terror, etnik təmizləmə və soyqırımıdır. Özbək alimi kitabda Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunduğunu, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsin tutarlı faktlarla ifşa edildiyini, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin yaradıldığından bəhs ediliyini vurğuladı.. Biz bilirik ki, Azərbaycan ordusu qısa bir zamanda müharibə yolu ilə nəinki öz torpaqlarını işğaldan azad edər, hətta İrəvanı da ala bilər. Amma azərbaycanlılar uşaqları, dinc əhalini öldürməzlər. Multikultural dəyərlərə üstünlük verən Azərbaycan sülhsevərliyi ilə dünyada tanınır”. Özbək tarixçi vurğuladı ki, Özbəkistan müstəqil olduğundan bu günə kimi Özbəkistanın Ermənistanla rəsmi əlaqələri və orada səfirliyi yoxdur.
Tədbirdə çıxış edən Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və başqaları bildiriblər ki, kitablarda böyük regional dövlətlərin öz geosiyasi məqsədlərinə çatması üçün erməni amilindən istifadə etməsi, Türküstanda, Cənubi Qafqazda, Kiçik Asiyada türk etnosuna qarşı aparılan soyqırımı siyasəti tarixi faktlarla sübut olunur. Ermənilərin türk xalqlarına qarşı törətdikləri cinayətlərdən və soyqırımı siyasətindən bəhs edən bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir.
Təqdimatda qeyd olunub ki, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” kitabında böyük regional dövlətlərin öz geosiyasi məqsədlərinə çatması üçün erməni amilindən istifadə etməsi, Türküstanda, həm də Cənubi Qafqazda, Kiçik Asiyada türk etnosuna qarşı aparılan soyqırımı siyasəti tarixi faktlarla sübut olunur. Ermənilərin türk xalqlarına qarşı törətdikləri cinayətlərdən və soyqırımı siyasətindən bəhs edən bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir.
Görüşdə Ş.Barlasa Tarix İnstitutunun fəxri doktoru adı verilməsi haqqında Elmi Şuranın qərarı səsləndirilib və ona fəxri doktor diplomu təqdim olunub.
Anar TURAN
Xalq qəzeti.-2016.-26 oktyabr.-№236.-S.7.