Oktyabrın 14-də Prezident Kitabxanasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun “Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu” kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü haqqında” 2011-ci il 21 yanvar tarixli Sərəncamının mətni ilə açılan kitabda müstəqil ölkəmizin 20 il ərzində keçdiyi tarixi inkişaf yolu və qazanılmış iqtisadi nailiyyətlər barədə ətraflı məlumatlar öz əksini tapmışdır.

Mərasimdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirmişdir ki, ölkəmiz çox əlamətdar bir hadisəni qeyd etmək ərəfəsindədir. Bu günlər Azərbaycanın hər bir guşəsində böyük bayram əhval-ruhiyyəsi yaşanmaqdadır. Müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən bir-birindən maraqlı tədbirlərin sırasında hazırda təqdimatına yığışdığımız kitabın da öz yeri vardır.

Natiq vurğulamışdır ki, ictimaiyyətin müzakirəsinə təqdim edilən kitabın məsləhətçisi YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, redaktoru “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu demişdir ki, Azərbaycan iqtisadiyyatının ötən iki onillik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilmişdir.

Kitab respublikamızın ötən 20 illik sosial-iqtisadi, siyasi-ictimai vəziyyətinə dair mənzərəni tam açıq şəkildə əks etdirir, həyata keçirilən geniş sistemli islahatların mühüm nəticələri barədə ətraflı məlumatlar verir. Ölkəmizin makroiqtisadi sabitliyinin və yüksək inkişafının bütün parametrləri bu kitabda əhatəli və sistemli şəkildə öz əksini tapmışdır.

Təqdimat mərasimində Milli Məclisin deputatları Mübariz Qurbanlı, Musa Quliyev, Vahid Əhmədov, Qənirə Paşayeva və başqaları çıxış edərək yeni nəşrin məziyyətlərindən danışmış və bildirmişlər ki, kitabda Azərbaycanın iqtisadi inkişafının 20 illik dövrü dərin təhlil obyektidir.

Kitabda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı, tərəqqisi naminə gördüyü əvəzsiz işlər, ümummilli liderin ideallarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi böyük tarixi işlər geniş şəkildə təhlil edilərək qiymətləndirilmişdir.

Diqqətə çatdırılmışdır ki, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “Ön söz” yazdığı bu kitab 4 fəsildən ibarətdir. Müəllif dünya dövlətlərinin inkişaf meyarlarına yaxınlaşan Azərbaycanın özünəməxsus milli inkişaf yolu keçməsini konkret arqumentlərlə və elmi-analitik əsaslarla hərtərəfli şəkildə araşdırmışdır. Kitabın hər fəsli ötən 20 ilin müxtəlif dövrləri, iqtisadi hadisələri, inkişaf və sosial nailiyyətləri barədə geniş məlumatların əldə olunması baxımından çox faydalıdır.

Vurğulanmışdır ki, “Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu” kitabı zəngin iqtisadi nəşr sayılmaqla bərabər, Azərbaycanın sürətli inkişafı, çoxsistemli islahatlar, ölkəmizin yeni inkişaf meyarları və modeli barədə fundamental elmi, iqtisadi, siyasi mənbə, real hadisələrin analitik toplusu kimi region ölkələrinin auditoriyası üçün də böyük maraq doğura bilər.

Sonda mərasimin iştirakçılarına və çıxışçılara minnətdarlığını bildirən kitabın müəllifi Aydın Hüseynov bundan sonra da müstəqil Azərbaycanın çiçəklənməsi naminə əlindən gələni edəcəyini və bir iqtisadçı kimi ölkəmizin iqtisadi həyatının araşdırılmasına öz əsərləri ilə yeni töhfələr verəcəyini söyləmişdir.

 


AZƏRTAC.- 2011.- 14 oktyabr.