Prezident Kitabxanasının “Naxçıvan Muxtar Respublikası-100” elektron layihəsi yenilənib
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan və ingilis dillərində yaradılan və http://nakhchivan.preslib.az domenində yerləşdirilən “Naxçıvan Muxtar Respublikası-100” elektron layihəsi yeni materiallarla zənginləşdirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron layihə 7 əsas, 47 alt bölmədən ibarətdir. Bölmələrdə Naxçıvanın həm qədim dövrlərinə, həm də muxtar respublikanın yaradılmasına gətirib çıxaran hadisələr barədə, eləcə də müasir dövrə dair sənədlər toplanıb. Yarımbölmələrdə Naxçıvanın müxtəlif dövrlərdəki inzibati-ərazi və idarəetmə forması barədə sənədlərlə, həmçinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən tərtib edilmiş Naxçıvan tarixinin xronologiyası ilə də tanış olmaq mümkündür. Layihədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrlərdəki və dövlətimizin başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərlərinin xronologiyası tərtib edilib. Eyni zamanda, onların Naxçıvanda keçirdikləri müxtəlif görüşlər və iştirak etdikləri tədbirlərdəki çıxışlarının tam mətnləri təqdim olunur.
İstifadəçilərə Naxçıvanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə və incəsənətinə dair müxtəlif dillərdə 130 fundamental elektron kitab və dövri mətbuatda dərc edilmiş 600 seçmə məqalənin tam mətni təqdim olunur. Biblioqrafiya bölməsində Naxçıvana dair operativ informasiya ilə maraqlanan oxucular üçün Prezident Kitabxanasının fondunda olan 440 kitabın, 188 avtoreferatın və dövri mətbuatda dərc edilmiş 2900 məqalənin biblioqrafik təsvirləri verilib.
Həmçinin kitabxananın oxu zalında “Naxçıvan Muxtar Respublikası-100” adlı geniş kitab sərgisi təşkil olunub.
Qeyd edək ki, XX əsrin 20-ci illərində Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi nəticəsində süni surətdə Azərbaycandan ayrı salınan qədim Naxçıvan diyarının zəngin tarixi keçmişi və müasir vəziyyəti barədə məlumatların dünya ictimaiyyətinin nəzərinə çatdırılmasının xüsusi əhəmiyyəti var. Zaman-zaman ermənilərin silahlı təcavüzünə və ərazi iddialarına məruz qalan, 1991-ci ildən blokada şəraitində olsa da, Naxçıvan Muxtar Respublikası hazırda Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevrilib. Bu gün Naxçıvan Muxtar Respublikası dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Naxçıvan hazırda beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır.
AZƏRTAC
2024, 9 fevral