Azərbaycanda kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi olan Kərim Kərimov 14 noyabr 1917-ci ildə Bakıda mühəndis-texnoloq ailəsində anadan olub. Atası Abbasəli Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində xidmət edib. Anası Sürəyya Hacı Əsədulla qızı Kərimova (Əhmədova) Mesenat Z.Tağıyevin tikdirdiyi Bakı qızlar məktəbinin ilk məzunlarından olub. Babası görkəmli ictimai-siyasi xadim Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinin üzvü olub.