Səhnəmizin görkəmli, məşhur və sevilən aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov) 19 iyun 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində dünyaya göz açıb. Erkən yaşında ata-anasını itirən Möhsün nənəsinin himayəsində qalmışdır. Kiçik Möhsün 1906 - cı ildən mədrəsədə təhsil almağa başlayır. Nənəsi onu atası kimi molla, mərsiyaxan kimi görmək istəyir. Lakin 1908 - ci ildə nənəsini itirən Möhsün bacısıyla birlikdə xalası Molla Ziynət xanımın himayəsində yaşamalı olmuşlar. Ziynət xanım onları öz övladları kimi qəbul edərək qayğılarına qalsa da, ailə üzvlərinin çox olması müəyyən maddi çətinliklər yaradır.